IQNA

Azərbaycanlı məddah: Ən böyük Arzum bütün insanların Hüseyn (ə) eşqini dadmasıdır

23:28 - September 14, 2021
Xəbər sayı: 3490744
Bir məddah olaraq arzum budur ki, İmam Hüseyn (ə) aşiqi olmağın şirinliyini dadmaq və duymaq hamıya nəsib olsun. Bütün bəşəriyyət, xüsusi ilə də əziz xalqımız bu məktəbi dərindən dərk etsin. 

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Məhərrəm ayı və Kərbəla şəhidlərinin əzadarlıq günləri münasibəti ilə Azərbaycanın tanınmış məddahları və Əhli-Beyt (ə) şairlərinin bir neçəsi ilə Azərbaycanda məddahlıq və növhəxanlıq mövzusunda müsahibə edib.

Bu müsahibənin əsas hədəfi Azərbaycanın dəyərli məddahları və Əhli-Beyt (ə) şairləri ilə tanış olmaq, cavan məddahları tutduqları peşəyə həvəsləndirmək və onları regionun Azərbaycan və Türk dilində danışan xalqlarına tanıtdırmaqdır.

Bu gün qonağımız Azərbaycanın məşhur məddahı və mərsiyəxanı Kərbəlayi Fəxri Qasimidir.

IQNA: Əhlibeyt (ə) şairi və məddahı olmağınıza səbəb və motivasiya nə olub?

Evimiz məscidin yanında idi, yəni məscidə qonşu idik. Bu səbəbdən uşaqlığım məsciddə keçib. Arada məsciddə bəzi mərsiyələri zümzümə edərim. Məscidin ruhanisi məndə mərsiyə oxumağa olan həvəsi görüb məni bu işə həvəsləndirdi və mənə ilk dəfə mərsiyə və növhə oxumağı o öyrətdi. İlk dəfə "Sultani Qeys" adlı qədim məşhur mərsiyə var idi, onu oxumuşam. Elə o zamandan ağamız İmam Hüseynə (ə) mərsiyəxanlıq etməyə başladım.

 

IQNA: Məddahlığa nə vaxtdan peşəkar formada başlamısınız?

Qeyd etdiyim kimi mərsiyəxanlıq və məddahlığa uşaq yaşlarımdan başlamışam. Cavan vaxtlarımdan, yəni 2005-ci illərdən məclislərə məddah kimi dəvət olunmağa başladım.

 

IQNA: Əhli-Beyt (ə) məddahı və şairi olmaq sizin şəxsi həyatınıza nə kimi təsirlər qoyub?

Əhli-Beyt (ə) məddahı olmaq hər bir insanı onların (ə) həyat tərzinə, sirə və sünnəsinə yaxın edir. İnsan çalışır düşüncə və əməldə onların (ə) məktəbinə yaxın olsun.

Mən də Əhli-Beytdən (ə) oxuduqca bu nur dəryasına yaxınlaşdığımı hiss edirdim. Həyatımın hər sahəsində onların (ə) təsirini görürdüm. Məddahlıq mənəvi və maddi həyatıma öz təsirini altına alıb, ruhuma qida verib. Əhli-Beytə (ə) olan sevgim bütün sevgiləri üstələyib.  

 

IQNA: İndiyədək icra etdiyiniz mədhiyyə və ya mərsiyyələrdən və ya yazdığınız şeirlərdən hansı birini daha çox sevirsiz, nə üçün?

 

Qeyd edim ki, insan Əhli-Beytdən (ə) hər nə oxuyursa, onun təsirinə düşür, insanın daxilində müqəddəs bir duyğu yaranır. Mədhiyyə və ya mərsiyə oxuduqca onların (ə) həyatı insanın gözü önündə mücəssəm olur.   

Ən çox sevdiyim mərsiyə isə uşaq vaxtlarından oxuduğum və zümzümə etdiyim "Gəlsən ey Bəşir Kərbəlaya sən, çək qəm qatarin həqq rizasinə - Qardaşmı könlüm çox istəyir, bir gedim onun Kərbəlasinə" mərsiyəsi olub.

kod

IQNA: Əgər sizdən soruşsalar ki, "bir məddah olaraq ən böyük arzunuz nədir", cavabınız nə olar?

Ən böyük arzum insanların, bütün bəşəriyyətin, xüsusi ilə də xalqımızın Həzrət İmam Hüseynin (ə) azadlıq məktəbini və Aşura qiyamının insanlıq dərsini öyrənməsi və dərk etməsidir.

Bir məddah olaraq hamı üçün arzum budur ki, İmam Hüseyn (ə) aşiqi olmağın şirinliyini dadmaq və duymaq hamıya nəsib olsun. 

 

IQNA: Əhli-Beyt (ə) şairi və məddahı olaraq, xüsusi ilə də indiki şəraitdə İslam dünyası və müsəlmanlar üçün nə kimi mesajınız və tövsiyəniz var?

Tövsiyə edərdim ki, müsəlmanlar eşq məktəbi olan Kərbəla məktəbindən qafil olmasınlar. Bu məktəbdir ki, insanı həqiqi kamala aparır. Kərbəla məktəbi hər bir insanı kamilliyə çatdıracaq yeganə məktəbdir. 

kod

IQNA: Əhli-Beyt üçün şeir deyəndə və ya məqtəl oxuyanda hansı mənbələrdən istifadə edirsiz?

Dilimizdə mövcud olan müxtəlif dini ədəbiyyatlardan istifadə edirəm, xüsusi ilə də Seyid Tavusun "Lühuf" kitabından. Mərsiyə və növhələri əsasən ustad Kəlami və ustad Qəffarinin kitablarından götürürəm. 

 

IQNA: Çox sağ olun, dəyərli vaxtınızı bizim üçün ayırdığınız üçün, təşəkkür edirik.

- Siz də çox sağ olun, zəhmət çəkibsiz, təşəkkür edirəm. IQNA-nın bütün kollektivinə, o cümlədən rəhbərliyinə salam-dualarımızı çatdırın.

captcha