IQNA

Allaha imanın insanın həyatında rolu

11:57 - December 19, 2022
Xəbər sayı: 3493436
İnsanın imanı artıb kamillik həddinə çatanda Rəbbinin məqamını və öz mövqeyini bilir. Həqiqətən də məsələni anlayır və başa düşür ki, hər şey Uca Allahın əlindədir. O, tək Rəbbdir ki, bütün varlıqlar Ona qayıdacaqlar. Bu zaman Ona arxalanmağı və Onun iradəsinə tabe olmağı düzgün və vacib bilir.

Mütəal Allah Quranda sözün əsl mənasında mömin olan kişilərin xüsusiyyətlərini təsvir edir. Quranda bir çox ayələrdə mömin və onların xüsusiyyətləri barədə danışılıb. Amma Ənfal surəsinin 2-3 və 4-cü ayələrində möminlərin özəl və özünəməxsus xüsusiyyətləri qeyd  olunub. Beləliklə də, yalnız bu xüsusiyyətlərə sahib olanların mömin olduğu bildirilir.

"إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ"

"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.

Həmin o kəslər ki, namazı bərpa edir və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.

Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır."

Mütəal Allah, möminlərin bütün sifətlərindən beş sifət seçmiş və bu sifətləri bu ayələrdə qeyd etmişdir. Bu beş sifət bütün yaxşı sifətləri tələb edən və iman həqiqətinə malik olmaqla bağlı olan sifətlərdir.

Həmin sifətlər bunlardır:

1_ Allahı zikr edərkən qorxu və ürək titrəməsi

2_ Allahın ayələrini dinləməklə imanın artması

3_ Allaha təvəkkül etmək

4_ Namazı bərpa etmək

5_ Allahın verdiyi ruzidən infaq etmək

Məlumdur ki, ilk üç sifət qəlbin əməllərindən, sonuncu iki sifət isə üzvlərin əməllərindəndir. Bu xüsusiyyətləri qeyd edərkən onların həqiqi və təbii nizamı riayət edilmişdir. Çünki iman nuru tədricən qəlblərdə parlayır və tam həddə çatana və həqiqəti kamilləşənə qədər artmaqda davam edir.

Qəlbin təsiri olan birinci mərhələ, Allahı zikr edərkən qüvvət və qorxu və qəlbin titrəməsidir. "Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar" cümləsi ona işarə edir.

İlahi qorxu dəyərli və faydalıdır

İlahi qorxu Allaha olan mərifətdən irəli gəlir. İlahi əzəməti dərk etdiyi və Onun qarşısında öz kiçikliyini hiss etdiyi üçün qorxur. Bu ilahi qorxu dəyərli və faydalıdır. Allah qarşısında özünü kiçik və naqis görən şəxs, Allahı öz həyatının bütün sahələrinə hakim bilir. Belə bir insan Allahın onun üçün təyin etdiyi həyat yolundan başqa yolla getmir. Bu da müsəlman bir insanın İslam cəmiyyətində əməlinin icrasının ən böyük zəmanətçisidir.  

Bu iman böyüməkdə davam edir və qəlblərdə kök salmağa başlayır. Uca Allaha dəlalət edən və həmçinin insanı haqq maarifə aparan ayələrdə seyr etmək nəticəsində iman ürəkdə çiçəklənir və qo-budaq atır. Belə ki, mömin o ayələri nə qədər çox düşünsə, yəqinlik mərhələsinə çatana qədər imanı bir o qədər möhkəmlənər və daha da artar. "Onun ayələri onlara oxunan zaman imanlarını artırar" cümləsi ona işarə edir.

Beləliklə, mömin insanın imanı Quranı tilavət etməklə artmalıdır.

İnsanın imanı artıb kamillik həddinə çatanda Rəbbinin məqamını və öz mövqeyini bilir. Həqiqətən də məsələni anlayır və başa düşür ki, hər şey Uca Allahın əlindədir. O, tək Rəbbdir ki, bütün varlıqlar Ona qayıdacaqlar. Bu zaman Ona arxalanmağı və Onun iradəsinə tabe olmağı düzgün və vacib bilir. Buna əsasən, ömrünün bütün sahələrində Onu vəkil tutur. Həyatının gedişatında Onun müqəddər etdiyinə razılıq verir. Onun qanun və hökmləri ilə hərəkət edir. Onun əmr və qadağalarını riayət edir. "Öz Rəbblərinə təvəkkül edərlər" cümləsi ona işarə edir.

Beləliklə, Allaha təvəkkül etmək əlini əlinin üstünə qoyub oturmaq deyil, həqiqətdə, Allaha arxalanıb, hər halda Ona ümid bəsləyib və Onun təyin etdiyi yoldan addımlamaqdır.

Qəlbdə iman kamil həddə çatdıqda insan məcburən ibadətə yönəlir və Rəbbinə xalisanə və təvazökarlıqla ibadət edir. Bu ibadət həmin namazdır. Bundan əlavə, o, icma yönümlüdür, öz cəmiyyətinin ehtiyaclarını ödəyir, çatışmazlıqları kompensasiya edir. Allahın verdiyi maldan, elmdən və başqa şeylərdən xərcləyir. "Namazı bərpa edir və onlara ruzi olaraq verdiyimizdən xərcləyərlər" ayəsi bu mənanı çatdırır.

Namazı bərpa etmək, namaz qılmaqdan fərqlidir.Yəni təkcə özünü düşünməmək, digərlərini də düşünməkdir. Sağlam və Allahı yad edən bir toplum yaratmaqdır.

Həmçinin sahib olduqlarını Allahın ona bəxş etdiyini bilməsi və bu həyatda tək yeməmək, birlikdə yeməyi öyrənmək lazımdır.

Deyilənlərdən məlum oldu ki, (imanları artar) ifadəsi keyfiyyət baxımından artıma işarə edir, yəni onların imanı güclənir və kamilləşir.

Bu, Allahın buyurduğu bir əmrdir ki, həqiqi iman yalnız yuxarıdakı beş sifətə malik olanların qəlbində bərqərar olar. Bu səbəbdən, onların mükafatını ümumi formada qeyd edir və bunun nə olduğunu izah etmir. Buyurur ki, "onlar üçün Rəbblərinin yanında dərəcələr var."

Dərəcələrdən məqsəd dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarətdir.

"Məğfirət" kəlməsi günahların Allah tərəfindən bağışlanmasıdır.

"Rizqi-kərim" cənnət nemətləridir ki, yaxşılar ondan bəhrələnir. Bu ruzi zillətdən uzaq və insana şərəf verən bir ruzidir.

İmanın müxtəlif dərəcələri olduğu üçün Allahın verdiyi dərəcələr də müxtəlifdir. Bəzi möminlər o dərəcələrdən birinə sahib olanlardır. Bəziləri iki dərəcə, bəziləri isə iman səviyyəsindəki fərqə görə bir neçə dərəcəyə sahibdir.

captcha