IQNA

İnsan həyatında "Ədalət" prinsipinin əhəmiyyəti

23:45 - December 21, 2022
Xəbər sayı: 3493452
"Ədalət" kainatın bütün sisteminin onun mehvərində fırlandığı qanundur. Bu, həqiqi mənada hər şeyin yerində olması deməkdir. Ona görə də hər hansı bir sapma, ifratçılıq, həddi aşmaq, başqalarının haqqını tapdalamaq "ədalət" prinsipinə ziddir.

İnsan həyatındaAllah, Nəhl surəsinin 90-cı ayəsində insandan istəklərini belə bəyan edir:

"إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ"

"Şübhəsiz, Allah sizdən ədaləti, yaxşılıq etməyi və qohumun haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz."

Bu ayə İslamın ümumbəşəri nizamnaməsidir. Feyz Kaşani Safi təfsirində deyib ki, əgər Quranda ancaq bu bir ayə olsaydı, bunu demək kifayət idi ki, Quran "hər şeyin dolğun açıqlamasıdır".

Allah bu ayədə ilk olaraq insan cəmiyyətinin əsasının dayandığı ən mühüm üç əmri bəyan edir və onları əhəmiyyət sırasına görə qeyd edir. Çünki İslama görə, hər bir insanın özü üçün xeyir və şər olsa da, lakin hər bir insanın xoşbəxtliyi onun yaşadığı ictimai islahata əsaslanır. Buna görə də İslam dini bu hökmlərlə cəmiyyəti islah etməyə çalışır. İnsanı həm öz daxilində, həm də cəmiyyətdə saleh etmək istəyir.

Bu ayədə diqqət edəcəyimiz məsələlərdən biri budur ki, Allah bu ayədə ictimai həyatda necə həyat tərzi sürəcəyimizi bizə öyrədir.

İctimai həyatımızda riayət etməli olduğumuz əlaqələr bunlardan ibarətdir:

1_ (Fərdi, ailəvi və ictimai) ədaləti riayət etmək

2_ (Mənəvi, elmi-intellektual, mədəni və  emosional) xeyirxahlıq və yaxşılıq etmək

3_ qohumların haqqını əda etmək

4_ pis və çirkin işlərdən çəkinmək

5_ Allahın qadağan etdiyi işləri etməkdən çəkinmək

6_ Kimsəyə zülm etməmək

Allah ayənin sonunda da bizə nəsihət etdiyini və bizim xeyirxahımız olduğunu vurğulayır. Hədəfi də budur ki, biz qəflətdən ayılıb, bəsirətli və duyğulu bir insan olaq. Yəni bu ilahi qayda və qadağalara riayət edək ki, peşman olmayaq.

İndi isə bu ayədə işlənən kəlmələrin mənalarına diqqət edək:

(Ədalət) cəza ya mükafatda bərabərlik deməkdir, əgər yaxşı olarsa, xeyirdir, pisdirsə, şərdir.

Lakin (ehsan) yaxşılığa ondan daha çox xeyirlə, (pisliyə) daha az pisliklə cavab vermək deməkdir.

 Bu da önəmli bir mətləbdir ki, ədalət və yaxşılıq bir-birinin kənarında olmalıdır.

"Ədalət" kainatın bütün sisteminin onun mehvərində fırlandığı qanundur. Bu, həqiqi mənada hər şeyin yerində olması deməkdir. Ona görə də hər hansı bir sapma, ifratçılıq, həddi aşmaq, başqalarının haqqını tapdalamaq "ədalət" prinsipinə ziddir.

Lakin ədalət bütün qüdrəti, izzəti və dərin təsiri ilə kritik və müstəsna zamanlarda təkbaşına işləmədiyi üçün dərhal xeyirxahlığı əmr edir.

Həzrət Əlinin (ə) bir hədisində oxuyuruq: "Ədalət xalqın haqqını onlara çatdırmaq, xeyirxahlıq isə onlara daha çox əta etməkdir."

Ədalətin iki növü var: fərdi ədalət və sosial ədalət. Amma burada sosial ədalət nəzərdə tutulur. Cəmiyyətin hər bir üzvünə layiq olduğu şəkildə davranmaqdır. Hər kəs layiq olduğu yerdə olmalıdır. Allah bütün insanlara ədaləti riayət etməyə əmr edir. Bu o deməkdir ki, həm hər bir müsəlman ədalətin icrasına cavabdehdir və həm cəmiyyət bu hökmü yerinə yetirməyə borcludur. Həmçinin İslam hökuməti də buna əməl etməlidir. Çünki o, İslam cəmiyyətinin başındadır.

Yaxşılıqdan məqsəd də başqalarına yaxşılıq etməkdir. Yaxşılıq etmək, yoxsulların, miskinlərin vəziyyətini yaxşılaşdırmaq, mərhəməti yaymaq və məhəbbət yaratmaqla yanaşı, cəmiyyətdə sərvətlərin dövriyyəsinə səbəb olur. Həmçinin ümumi əmin-amanlıq yaradır. Bu həm də qəlbləri bir-birinə yaxınlaşdırır.

Üçüncü məsələ də qohumlara əta etməkdir ki, bu da xeyirxahlıq və yaxşılığın nümunələrindəndir. Xüsusi nümunəni ümumi nümunədən sonra qeyd etmək kiçik ailə cəmiyyətini və qohumları islah etməyə xas diqqətin göstəricisidir. Çünki bu kiçik cəmiyyəti islah etmək bütün cəmiyyətin islah olmasına səbəb olacaq. Şübhəsiz ki, hər bir insan öz yaxınlarını islah etsə, tədricən bütün cəmiyyət islah olar.

Daha sonra cəmiyyətin üzvləri arasında dərin nifaq salan, cəmiyyəti məhv edən, qüvvələrini israf edən, sistemin fəsad və dağılmasına səbəb olan üç pis şeyi qadağan edir. Bir cəmiyyət məhvə məhkum olduqda, o cəmiyyətdəki fərdlərin səadətinin aradan getməsi də qaçılmaz olacaq.

"Fəhşa" kəlməsi dözülməz və səbir edilməsi mümkün olmayan çirkin bir danışıq və davranışdır.

"Münkər" kəlməsi cəmiyyətdə öz çirkinliyinə və ya günah olmasına görə tərk edilmiş bəyənilməyən bir əməldir.

"Bəğy" kəlməsi əslində tələb etmək mənasındadır. Amma adətən başqalarının haqqını tələb etmək və zülm etmək mənasında işlənir. Hegemonluğu, özünü üstün görməyi və zülm etməyi ifadə edir.

Odur ki, "Fəhşa"nın, "Münkər"in və "Bəğy"in qadağan edilməsi toplumun vəhdətinə səbəb olur və cəmiyyət sistemini gücləndirir. Çünki bir cəmiyyətin üzvləri "Fəhşa" və "Münkər etmədikdə, bir-birinin haqqını tapdalamadıqda onların arasında mərhəmət hissi bərqərar olar və qüvvələri birləşər. Həmçinin onlarda qəzəb, düşmənçilik və kin, o cəmiyyətin parçalanmasına və məhvinə səbəb olan hər cür çirkin xislət aradan gedər.

Axırıncı cümlə göstərir ki, Allah bu nəsihətləri insanlara ona görə verir ki, Allahın onları dəvət etdiyi şeyin onların həyatına və xoşbəxtliyinə səbəb olduğunu görsünlər.

captcha