IQNA

Təfsir və müfəssirlərin tanıtdırılması / 4

“Təsnim” təfsiri İslam tarixində yazılmış ən geniş təfsirdir

13:27 - September 16, 2022
Xəbər sayı: 3492930
“Təsnim” təfsiri Qurani-Kərimin İslamın başlanğıcından bu günə qədər yazılmış ən geniş təfsiridir. Bu da Ayətullah Abdullah Cavadi Amolinin 40 illik təfsir dərslərinin nəticəsidir. O, öz təfsirini ifadə etmək üçün üç əsas mənbədən, yəni Quran, sünnə və ağıldan əlavə ərəb ədəbiyyatından, filosof və ariflərin sözlərindən istifadə etmişdir.

“Təsnim” təfsiri İslamın başlanğıcından bu günə qədər yazılmış Qurani-Kərimin ən geniş təfsirlərindən biridir. Bu əsərin adı "Mütəffifin" surəsinin 27 və 28-ci ayələrindən götürülmüşdür: "Ona təsnim (suyu) qatılmışdır. O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər."

Bu böyük iş şəmsi 1359-cu ildə başlayan, ardıcıl qırx il davam edən və şəmsi 1399 (miladi 2019)-cu ilin Fərvərdin ayında başa çatan təfsir dərslərinin nəticəsidir. İndiyə qədər “Təsnim”in altmış üç cildi nəşr olunub və cildlərin sayının səksən beş cildə çatacağı gözlənilir. İsisko bu təfsiri şəmsi 1385 (miladi 2005)-ci ildə "İslam və Quranşünaslıq sahəsində ən yaxşı araşdırma" olaraq seçib.

“Təsnim”in yaranması hekayəsi

Ayətullahul-uzma Cavadi Amoli öz Təfsirinin son dərsində "Təsnim" təfsirinin yaranması hekayəsindən danışıb. Müəllifin dilindən bu təfsirin hekayəsini dinləmək maraqlıdır.

“Qəməri təqvimi ilə 1400-cü ildə (miladi 1980-ci ildə) Qumun Səadət məktəbində dərslərimizdən biri bitdikdən sonra mən tək oturmuşdum. Dərsdə iştirak edənlər oradan ayrılmışdılar. Sabah nədən başlayacağımızı bilmirdim!

Birdən ağlıma gəldi ki, təfsirə başlamalıyıq. Təfsirin yayılması bəhsi həmişə bir çox insanların beynində olub. Amma o gün nə mənim bu sahədə təcrübəm var idi, nə də kimsə bunu mənə təklif etdi. Allah-taala bunu beynimizə saldı və biz işə başladıq.

Çox çəkmədi ki, Səadət məktəbinin tutumundan da çox dərsdə iştirak edən oldu. Bu səbəbdən bir neçə mərhələdə təfsir dərsini daha böyük yerə köçürdük. Nəhayət, qısa müddət ərzində təfsir dərsini Qum şəhərində Məscid Əzəmə köçürməli olduq. Bu təfsir qəməri 1441-ci ilin (miladi 2020) Şaban ayına qədər təxminən qırx il davam etdi.

"Təsnim" təfsirinin xüsusiyyətləri

"Təsnim" təfsiri Quranın fars dilində yazılmış "tərtibi" (ardıcıl) təfsirlərindən biridir. Bu təfsirdə əsas metod Əl-Mizan təfsirindəki kimi “Quranı Quranla təfsir etmək” metodudur. Təfsirçi özünün üç əsas mənbəsi olan Quran, Sünnə və ağıldan əlavə, ərəb ədəbiyyatından, filosof və ariflərin sözlərindən bir çox hallarda öz məqsədini ifadə etmək üçün istifadə etmişdir.

"Təsnim" təfsirinin metodu “ətraflı ictihad üsulu”, “Quranı Quranla”, “Quranı sünnə ilə” və “Quranı ağılla” təfsir etmə üsulundan ibarətdir. Bunların arasında ən təsirli üsul “Quranın Quranla təfsiri”dir. Çünki ən mühüm təfsir mənbəyi Quranın özüdür.

"Təsnim" təfsirinin müəllifinə görə, Quranı Quranla təfsir etmək, hər bir nəzəri xətadan məsum və hər hansı əməli sürüşmədən qorunmuş Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) təfsir üsuludur. Nəticədə onlara itaət etmək zəruri, həyat verici və xilasedicidir.

Məzmunu təqdim etmə çərçivəsi

Kitabın tərtib olunma üsulu budur ki, müəllif əvvəlcə bir ayə və ya ayələr gətirir. Sonra onun təfsirini 4 mehvərdə izah edir: 1- Təfsirdən bir hissə; 2- Təfsir; 3- İşarələr; 4- Rəvayət bəhsi.

Təfsirçi ayə və ya ayələri gətirdikdən sonra təfsirdən bir hissə qeyd edir. Sonra çoxlu ərəb ədəbiyyatının mənbələrindən istifadə edir və ayənin mənasını ətraflı araşdırır. Üçüncü mərhələ və ya üçüncü bölüm ən ictihad hissəsi olan “işarələr” adlanır. Bu bölmədə fəlsəfədə təhlil gücü, irfanda məharət və təfsirçinin bacarığı yaxşı görsənir. Təfsirçinin hər bir fəsildəki çıxışının son hissəsi olan rəvayət müzakirəsində rəvayətləri sıra ilə gətirir. Sonda nəticə alıb onu “İşarə” adı ilə gətirmişdir.

Müəllifin həyatı

Abdulla Cavadi Amoli (miladi 1933-cü il təvəllüdlü) filosof, hüquqşünas, Quran təfsirçisi, Qum elmi hövzəsinin ustadı və müasir dövrdə şiənin mərcə-təqlidlərindən biridir. O, Ayətullah Brucerdi, İmam Xomeyni və Əllamə Təbatəbainin tələbələrindən olub. Təxminən altmış ilə yaxın Qum və Tehran hövzələrində fəlsəfə, irfan, fiqh və təfsir sahələrində dərs deyib və yazıb.

captcha